İMİŞLİ RAYONUNUN SABİQ HƏRBİ KOMİSSARI VƏ DİGƏRLƏRİ BARƏDƏ CİNAYƏT İŞİNƏ HƏRBİ MƏHKƏMƏDƏ BAXILACAQDIR
Elxan Nəsirov cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkib qurtarmasına baxmayaraq, məhkumluğu ödənilməmiş İmişli rayon sakini Qafqaz Tahir oğlu Abayevi 2003-cü il iyulun 14-də, həmçinin keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətin qanunla müəyyən edilmiş müddətini başa vurub ehtiyata buraxılmış 1973-cü il təvəllüdlü İlqar Təyyar oğlu Məmmədovu və 1972-ci il təvəllüdlü Vüqar Əmralı oğlu Bağırovu 2004-cü il yanvarın 20-də qanunsuz olaraq müddətli həqiqi hərbi xidmətə göndərmişdir.
Bundan başqa, E.Nəsirov İmişli rayonunun Yalavac kənd sakini Mübariz Həzi oğlu Usubov və hərbi komissarlığın əməkdaşı Şahin Cavadovla cinayət əlaqəsinə girərək ayrı-ayrı vaxtlarda hərbi hissələri özbaşına tərk etmiş Ağababa Ağabalayev, Ağa İbrahimov, Elşad Əliyev, Zülfəli Allahverdiyev, Zahid Əliyev, Vasif Şükürov, Əli Quliyev, Söhbət Babayev və onların qohumlarından müxtəlif məbləğlərdə rüşvət alaraq, guya hərbi biletlərinin itirilməsi ilə əlaqədar, əvəzinə onların qanunla müəyyən edilmiş hərbi xidmət müddətinin başa vurub ehtiyata buraxılmalarına dair saxta qeydlər aparılmış hərbi biletlər verməklə, onları hərbi vəzifəli şəxslər kimi İmişli Rayon Hərbi Komissarlığında qeydiyyata götürmüşdür.
Həmçinin, müəyyən edilmişdir ki, Elxan Nəsirov Mübariz Usubovla cinayət əlaqəsinə girərək aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişlər.
Belə ki, onlar İmişli rayonunun sakini Bərşad Ağabalayevi aldadaraq onun oğlu Ağababa Ağabalayevə verilmiş və barəsində istintaq edilən cinayət işi ilə əlaqədar götürülmüş saxta hərbi bileti istintaq orqanından alıb onlara qaytarmaq üçün 2004-cü ilin yanvarında B.Ağabalayevdən 2 milyon manat, Bakı şəhər sakini Əlvan İsayevdən həbs olunmuş oğlunu azadlığa buraxdırmaq üçün 25 min 800 ABŞ dolları məbləğində pul alıb mənimsəmişlər.
Daha sonra, Elxan Nəsirov 2005-ci il iyunun 23-də yaşadığı Əli Bayramlı şəhərindəki evinin qarşısında dələduzluq yolu ilə aldığı 25 min 800 ABŞ dollarını geri qaytarmaq üçün gəlmiş Əlvan İsayevin oğlu Vüqara və onun qohumu Əbülfəz Əliyevə qarşı xuliqanlıq hərəkətləri etmişdir.
Yuxarıda qeyd edilən cinayət əməllərini törətdiklərinə görə Elxan Nəsirova Azərbaycan Respublikası CM-in 341.1-ci (hakimiyyət həddini aşma, 311.3.2-ci (rüşvət alma), 178.3.2-ci (dələduzluq), 221.3-cü (xuliqanlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, Mübariz Usubova isə Azərbaycan Respublikası CM-iin 32.5-ci, 311.3.2-ci (rüşvət almada köməkçi) və 178.3.2-ci (dələduzluq) maddələri, Şahin Cavadova Azərbaycan Respublikası CM-iin 32.5-ci, 311.3.2-ci (rüşvət almada köməkçi), 32.5-ci, 341.1-ci (hakimiyyət həddini aşmada köməkçi) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işinin istintaqı noyabrın 15-də başa çatdırılmış, ittiham aktı Respublika Hərbi Prokurorluğu tərəfindən təsdiq edilərək baxılmaq üçün Azərbaycan Respublikasnın Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinə göndərilmişdir.