İmişli taxılçıları sahələrdən 85 min ton məhsul götürmək əzmindədirlər
İmişli, 8 iyun, Mahir Babayev, AZƏRTAC
İmişlidə taxıl biçini sürətlə davam edir. İndiyədək 3820 hektar sahədə biçin aparılıb və 14 min 592,5 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 38,2 sentnerdir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2019-cu ilin payızında rayonda 17 min 151,8 hektar sahədə taxıl əkilib. Bunun 7 min 62 hektarı arpa, 10 min 89,8 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 36,7 sentner məhsul götürən torpaq mülkiyyətçiləri cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.
Artıq zəmilərdə məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Kampaniyanı vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, diqqət məhsulun itkisiz yığılmasına yönəldilib. Bu məqsədlə sahələrə 45 kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 150-dən çox maşın və mexanizm işə cəlb olunub. Mütəxəssislərin fikrincə, bu il sahələrdən təxminən 85 min ton məhsul götürmək mümkün olacaq.
Qeyd edək ki, ötən il rayonda 19 min 37 hektar taxıl sahəsindən 70 min 812 ton taxıl yığılıb.