İmişlili pambıqçılar indiyədək sahələrdən 18 min tondan çox məhsul toplayıblar
İmişli, 2 noyabr, Mahir Babayev, AZƏRTAC
Bu mövsüm imişlili pambıqçılar 7 min 923 hektar sahədə pambıq yetişdiriblər. Yığıma mütəşəkkil başlayan sahibkarlar indiyədək plantasiyalardan 18 min 282 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər. Məhsulun 16 min 565 tonu maşınlarla yığılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsul istehsalçıları yetişdirdikləri pambığı itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Hər hektarda məhsuldarlığın ən azı 20 sentnerə çatdırılmasının hədəf kimi qarşıya qoyulması torpaq mülkiyyətçilərinin məsuliyyətini daha da artırıb. Becərmənin bütün mərhələlərində bitkiyə aqrotexniki tələblər səviyyəsində qulluq edilib. Bunun nəticəsində sahələrdə bol məhsul yetişib.
Rayon pambıqçıları ötən illərdən fərqli olaraq bu mövsüm məhsulun maşınlarla yığılmasına üstünlük veriblər. Hazırda plantasiyalarda ən müasir 30 pambıqyığan kombayn işləyir və hər gün tədarük olunan məhsulun 345-350 tonu bu maşınların köməyi ilə toplanılır.
Rayonda ən çox pambıq əkən Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əlhümbət Alkişiyev bildirib ki, kənddə fəaliyyət göstərən 120 fermer bu il 2 min hektar sahədə pambıq becərib və indiyə kimi sahələrdən 5 min tondan çox məhsul toplayıblar. Məhsuldarlıq orta hesabla 25-30 sentner olur. Hələ sahələrdə məhsul çoxdur. Hazırda plantasiyalarda ikinci yığım gedir. Təxmini hesablamalara görə, sahibkarlar bundan sonra daha 1000 ton pambıq toplaya biləcəklər. Tədarük olunan məhsulun demək olar ki, hamısı maşınlarla yığılıb.
Qeyd edək ki, imişlili pambıqçılar bu il sahələrdən 22-23 min tondan çox məhsul toplamağı qarşıya məqsəd qoyublar.