İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb VİDEO
Bakı, 10 dekabr, Fidan Əlizadə, Orxan Kərimov, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində tələbə işlərindən ibarət “Bir əsrdən artıq yol” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, kollecin 105 illiyi münasibətilə reallaşan sərginin əsas məqsədi yaradıcı gənclərin potensialını üzə çıxarmaq, kollecin sənət ənənələrini davam etdirməkdir.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sərgidə çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev söyləyib ki, Azərbaycanın bir çox görkəmli rəssamları məhz bu kollecin yetişdirdiyi sənətkarlardır. Xalq rəssamı hər zaman sərgi salonlarının istedadlı rəssamların yaradıcılığı ilə bəzənməsini və daha da zənginləşməsini arzulayıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorları, Xalq rəssamları Fuad Salayev və Salxab Məmmədov sərginin əhəmiyyəti barədə danışıblar.
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov kollecin 105 yaşının təhsil müəssisəsi üçün dinamik dövr olduğunu söyləyib. “Bu kollecdə dünya standartlarına cavab verən təhsil formalaşır, yüksəksəviyyəli bilik verilir. Son illərdə Elm və Təhsil Nazirliyi orta ixtisas təhsili sahəsində ciddi islahatlar həyata keçirib, əhəmiyyətli nəticələr əldə olunub, istedadlı gənclər üzə çıxarılıb, neqativ hallar aradan qaldırılıb”,- deyə S.Həmidov əlavə edib.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov rəssamların dünyanı rənglərlə gözəlləşdirdiyini vurğulayıb. İncəsənət Kollecinin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açan C.Valehov deyib: “Kollec sənət dünyasına qızıl ilmələrlə naxış vurmuş sənətkarların məktəbidir”.
Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən bir qrup müəllimə təşəkkürnamə təqdim edilib.
Təşəkkürnamə alan müəllimlərdən biri Aybəniz Pənahova AZƏRTAC-a öz təəssüratlarını bölüşüb. O, 26 ildir müəllim kimi fəaliyyət göstərdiyini, sərgidə yer alan işlərin əksəriyyətinin tələbələrinin əsərləri olduğunu qeyd edib.
Tədbir musiqi proqramı ilə davam edib, qonaqlar sərgi ilə yaxından tanış olublar.