İndiyədək 120 baş ceyran öz tarixi areallarına buraxılmışdır
Bakı, 1 fevral (AZƏRTAC). “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu il dekabrın 24-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə buraxılmış ceyranların hərəkətinə 2011-ci ildə də peyk vasitəsilə mütəmadi nəzarət olunmuş, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bugünədək 120 baş ceyran öz tarixi areallarına buraxılmış və hazırda layihənin ikinci mərhələsi üzrə işlər davam etdirilir. Ceyran sürülərində artım (balavermə) da müşahidə olunmuşdur.
Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer rezervatının yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilmişdir. Almaniya tərəfindən daxil olmuş xüsusi razılaşma sənədinə nazirliyin aidiyyəti qurumları tərəfindən baxılmış, rəy və təkliflər qarşı tərəfə təqdim edilmişdir.
Ötən il xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 857 akt, 240 protokol tərtib edilmiş, təbiətə 79405,35 manat dəyərində ziyan vurulduğu hesablanmış, inzibati qaydada 153420 manat cərimə tətbiq edilmişdir. Ümumilikdə tətbiq edilmiş 232825,35 manat ziyan və cərimədən 92005,87 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilmişdir. Qanun pozuntuları ilə bağlı sənədləşdirilmiş 38 iş baxılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına (polis şöbələrinə), 104 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və məhkəmə icraçıları bölmələrinə göndərilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ötən il ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilmişdir.
Reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brokonyerliklə məşğul olan şəxslərdən 83 ov silahı götürülmüş, 80 şəxs barəsində akt və protokol tərtib edilərək 75800 manat məbləğində cərimə tətbiq edilmiş və 1166 manat iddia qaldırılmışdır. Cəmi tətbiq edilmiş 76966 manat iddia və cərimədən 24882,5 manat ödənilmiş, qalan məbləğin ödənilməsi üçün isə aidiyyəti üzrə rayon məhkəmə icraçıları bölmələrinə müraciət edilmişdir. Şəxsiyyəti məlum olmayan 3 nəfər barəsində tərtib edilmiş sənədlər aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilmişdir.