İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya şurası fəaliyyətə başlayıb
Bakı, 19 avqust, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki Dissertasiya şurası fəaliyyətə başlayıb
AZƏRTAC xəbər verir ki, bunu Elmi şuranın növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bildirib.
Dissertasiya şurasının fəaliyyət göstərməsinin peşəkar kadrların yetişdirilməsi üçün geniş imkanlar yaratdığını söyləyən akademik qeyd edib ki, tədqiqat işi ilə bağlı ətraflı müzakirələrin aparılması üçün onlayn seminarlar təşkil edilməli, təklif və iradlar bildirilməli, tövsiyələr səsləndirilməlidir. Bu iclaslarda bütün şöbə rəhbərləri, doktorant və magistrantlar fəal iştirak etməli, hər bir əməkdaş institutun elmi fəaliyyətinə öz töhfəsini verməlidir. Dissertasiya işlərini müdafiə edəcək şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) bütün tələblərinə cavab verməlidirlər.
“Koronavirus pandemiyası institutun elmi fəaliyyətinə mane olmamalıdır”, - deyən R.Əliquliyev seminarların hələ ki, onlayn formada keçiriləcəyini nəzərə çatdırıb: “Müdafiənin onlayn şəkildə keçirilməsinə isə icazə verilmir, çünki AAK-ın “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”sində bu məsələyə dair müddəa yoxdur. Beləliklə, dissertasiya işini başa çatdıran hər bir elmi tədqiqatçı öz məsuliyyətini dərk edərək, müdafiəyə yüksək səviyyədə hazırlaşmalıdır ki, pandemiya ilə bağlı sözügedən qadağa aradan qaldırıldıqda gecikmədən müdafiə edə bilsin”.
Daha sonra R.Əliquliyev institutla AAK arasında əməkdaşlığın yalnız Dissertasiya şurası çərçivəsində deyil, həm də digər istiqamətlər üzrə davam etdiriləcəyini diqqətə çatdırıb: “AAK ilə işgüzar münasibətlərimiz formalaşır ki, bu da institutun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq”.
Alim nitqinin sonunda institut əməkdaşlarına həm sağlamlıqlarının qeydinə qalmağı, karantin rejiminin qaydalarına riayət etməyi, həm də elmi fəaliyyətlərini gücləndirməyi tövsiyə edib.