“İNFORMASİYA TEXNOLOGİYALARININ KİTABXANA İŞİNƏ TƏTBİQİ VƏ AVTOMATLAŞDIRMA” MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyasının, Mədəniyyət Nazirliyinin və Milli kitabxananın təşkilatçılığı ilə keçirilən və dörd gün davam edəcək tədbirin açılışında çıxış edən nazir Polad Bülbüloğlu seminarın işinə uğurlar arzulamışdır. O, ölkəmizdə 10 mindən artıq kitabxana olduğunu və onların 4 mininin bilavasitə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyini xatırladaraq demişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illərdə bütün sahələr, eləcə də kitabxanalar ciddi çətinliklərlə qarşılaşmışdı. Baş verən hərc-mərcliklə bağlı kitabxanalar hətta dağılmaq təhlükəsi ilə üzləşmişdi. O illər artıq arxada qalıb, beynəlxalq təşkilatların, ölkəmizdəki xarici səfirliklərin köməyi ilə Azərbaycan Milli Kitabxanası əsaslı təmir edilmiş, dünyaya inteqrasiya məqsədi ilə burada informasiya texnologiyalarının tətbiqinə və avtomatlaşdırma işinə başlanmışdır. İndi respublikamızın 9 bölgəsində fəaliyyət göstərən kitabxanalarda oxucular internet vasitəsilə dünyanın müxtəlif kitabxanalarından istifadə etmək imkanı qazanmışlar.
Slovakiya Milli Kitabxanasının direktoru Duşan Katuşkak, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, ABŞ səfirliyinin region kitabxanalarının inkişafı proqramının əlaqələndiricisi Şəhla Xudiyeva, Gəncə mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Elmira Əliyeva və başqaları rəhbərlik etdikləri qurumların fəaliyyətindən, informasiya texnologiyalarının və avtomatlaşdırmanın tətbiqinin vəziyyətindən danışmış, kitabxana işçilərinin təcrübə mübadiləsində seminarın əhəmiyyətini xüsusi vurğulamışlar.