İnnovasiyaların Təşviqi Qrupu vətəndaş layihəsini müzakirə edib
Bakı, 27 may, AZƏRTAC
İnnovativ təkliflərin sənaye sektorunda təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış İnnovasiyaların Təşviqi Qrupu vətəndaş müraciətini dəyərləndirmək üçün növbəti iclas keçirib.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirilib ki, qurumun direktoru, İnnovasiyaların Təşviqi Qrupunun rəhbəri Vilayət Vəliyev vahid pərakəndə platformanın (hipermarketlərin) günümüzə daxil olmasının istehlak bazarındakı dinamikanın, istehsal bazarındakı texnologiyaların inkişafının göstəricilərindən olduğunu deyib. Bildirib ki, belə platformaların yaradılması istehsalçıların məhsullarını geniş sərgiləməyə, istehlakçılara isə seçim imkanı yaradılmasına əlverişli şərait yaradır.
İclasda vətəndaş Bəhruz Mehdiyevin bu qəbildən olan "İnşaat sektoru vahid pərakəndə satış platforması (hipermarket) layihəsi"nin təqdimatı olub. Tədbir iştirakçıları layihəni yüksək qiymətləndiriblər. Müzakirələrin nəticəsi olaraq layihənin dəstəklənməsi və müvafiq orqanlara çatdırılması barədə qərar qəbul edilib.