MƏDƏNİYYƏT
İntiqam Soltan: Mədəniyyət sahəsində islahatlara teatrdan başlanılmalıdır
![İntiqam Soltan: Mədəniyyət sahəsində islahatlara teatrdan başlanılmalıdır](/files/2023/1/1200x630/16812916861385833833_1200x630.jpg)
Bakı, 12 aprel, AZƏRTAC
Ölkəmizdə birinci dəfədir keçirilən Teatr Forumundan teatr sahəsində çalışan hər kəsin böyük gözləntiləri var. Forumda çox sərbəst və demokratik şəkildə hər kəsə öz fikirlərini bildirməyə imkan yaradılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan deyib.
Forumun mədəniyyət camesində böyük önəm daşıdığını qeyd edən Əməkdar artist bildirib ki, teatr sahəsinə illərdən bəri yığılıb qalmış problemləri qısa zamanda aradan qaldırmaq olmasa da, müəyyən vacib işlərin yoluna düşməsi üçün müzakirələr aparmaq vacibdir: “Bu baxımdan Forumda Azərbaycan teatrının problemləri ilə bağlı diskussiyalar aparılır, düşünürəm ki, ortaq bir qərara gəlinməlidir. Azərbaycan teatrının problemləri bu gün çoxdur. Bizim teatr yerli kadrların, teatrların fədailəri sayəsində bu gün ayaqda durur. Teatrlarla bağlı bir çox qanunlarda və onların icrasında boşluqlar var. Bu günədək teatrlara qarşı münasibət tam fərqli, birmənalı olmayıb. Mədəniyyətdə islahatlar aparılmalıdır və onları ilk öncə teatrlardan başlamaq lazımdır. Əminəm ki, bu Forum bu sahədə müəyyən işlərin başlanması və icrası üçün yeni imkanlar yaradacaq”.