“İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcək badmintonçularımızın rəqibləri müəyyənləşib
Bakı, 25 yanvar, AZƏRTAC
Fevralın 5-8-də İranın Zəncan şəhərində keçiriləcək “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcək badmintonçularımızın rəqibləri müəyyənləşib.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildirilib ki, təmsilçilərimizdən Cahid Əlhəsənov 1/64 finalda iranlı Məsud Piroozi ilə qarşılaşacaq. C.Əlhəsənov ev sahibi ilə görüşdən qalib ayrılacağı təqdirdə, növbəti mərhələdə Vyetnam təmsilçisi Tien Minh Nquenlə üz-üzə gələcək.
Digər badmintonçumuz Səbuhi Hüseynovun ilk rəqibi iranlı Zana Qaderi olacaq. S.Hüseynov 1/32 finala vəsiqə qazanacağı halda, Cob Kastilyo (Meksika)-Erfan Taran (İran) cütünün qalibi ilə mübarizə aparacaq.
Badmintonçularımızdan Orxan Qələndərov da püşkün nəticələrinə əsasən, ilk mərhələdə iranlı idmançı ilə qarşılaşacaq. Onun 1/64 finalda rəqibi Əmir Cabbaridir. İdmançımız bu mərhələni adlayacağı halda, 1/32 finalda vyetnamlı Le Duc Phat ilə iranlı Arad Bahri cütünün qalibi ilə üz-üzə gələcək.
Püşk Kənan Rzayevə iranlı Məhəmməd Pairavandı rəqib seçib. Bu cütün qalibi 1/32 finalda Məhəmməd Həsən (İraq)-Bernardo Atilano (Portuqaliya) duelinin qalibi ilə görüşəcək. Beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək Teymur Abbasov isə növbəti mərhələyə yüksəlmək üçün iranlı Əmir Qasemi məğlub etməlidir. Bu halda, badmintonçumuzun 1/32 finalda rəqibi Qatra Pilanq Fiqihila Cupu (İndoneziya)-Mehran Şahbazi (İran) cütünün qalibi olacaq.
Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış şəxsi xarakter daşıyır.
Qeyd edək ki, “İran Fəcr Beynəlxalq Çellenc” turniri Beynəlxalq Badminton Federasiyasının mövcud qaydaları əsasında keçiriləcək.