İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJADIN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA

Avqustun 21-də Prezident sarayında İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın qarşısındakı rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadı səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İranın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan dövləti və hökumətinin rəsmi şəxsləri İran Prezidenti Mahmud Əhmədinejada, İran nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər.