İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJADIN NİTQİ
-Bismillahir-rəhmanir-rəhim!
Ey Allah, imam Zaman ağanın zühurunu tezliklə yetir. Böyük Allaha şükür edirəm, belə bir fürsəti bizə qismət etdi ki, gəlib Azərbaycan Respublikasında öz qardaşlarımızı bir daha ziyarət etdik, keçmiş, yaxın və zəngin tarixi əlaqələrimizə bir daha nəzər yetirdik.
Qardaşım və dostum cənab Prezident İlham Əliyevin dediyi kimi, xalqlarımızın qardaşlıq, dostluq kökləri tarixən çox dərin və uzunmüddətlidir. Min illərdir xalqlarımız öz mədəniyyətləri, etiqadları və müştərək dinləri ilə bir yerdə yaşayıblar, həmişə sülh, qardaşlıq və dostluq carçısı olublar və bəşəriyyətə belə mesaj veriblər. Bu gün də dostluq əlaqələri, davamlı əlaqələr, xüsusilə Azərbaycan Respublikasının istiqlaliyyətindən sonra xalqlarımızın əlaqələri günbəgün genişlənir. Mənim Azərbaycanda olmağım qardaşlıq əsasında qurulan əlaqələrimizin daha bir göstəricisidir, ölkələrimizin müxtəlif sahələrdə geniş əlaqələr qurmasına olan istəkdir.
Azərbaycanın sürətli inkişafı İran xalqını şad edən məsələdir və bizim xalqımız həmişə özünü Azərbaycan xalqının sevincinə şərik bilir. Biz inanırıq ki, Azərbaycan xalqı da İran xalqının inkişafından həmişə xoşhaldır. Xalqlarımızın inkişafı, gücü, qüdrəti ölkələrimizin marağına, mənafeyinə, regional təhlükəsizliyə və sabitliyə xidmət edir. Mənim qardaşım cənab Prezident İlham Əliyevlə çox səmərəli danışıqlar apardıq və ikitərəfli əlaqələrin genişlənməsi potensialını, neft, müştərək investisiya, neft kimyası, ticarət sahələrinə dair məsələləri müzakirə etdik. Bütün potensial imkanlar araşdırıldı. Müştərək, regional və beynəlxalq səviyyəli məsələlərə baxışlarımız üst-üstə düşür və biz bu əməkdaşlığı daha da genişləndirmək əzmindəyik.
Əvvəllər də ölkələrimiz arasında mühüm sazişlər və sənədlər imzalanmışdır və bunların çoxu icra olunmuşdur. Bu gün imzalanan sənədlər də, sazişlər də Allahın köməyi ilə həyata keçiriləcəkdir.
Mən İran xalqının dostluq salamlarını Sizə gətirmişəm. Bizim fikrimiz və amalımız budur ki, ölkələrimizin əlaqələri və əməkdaşlığı başqa xalqlara, regionda olan digər xalqlara nümunə olsun. Xalqlarımızın və dövlətlərimizin regionda sülhün və sabitliyin təmin olunmasında böyük rolu vardır. Biz Azərbaycan xalqına hörmət edərək, Azərbaycan xalqının izzətindən, mədəniyyətindən məmnunluq duyuruq, Azərbaycanın haqq işini müdafiə edirik. Biz inkişaf istiqamətində həmişə Azərbaycan xalqının yanında olacağıq.
Qardaşım cənab Prezident İlham Əliyev ilə mənim dostluq münasibətlərim əməkdaşlığımız üçün böyük imkanlar açır. Sərmayədarlar və sahibkarlar, ölkələrimizin xeyrini və yaxşılığını istəyənlər üçün potensial imkanlar mövcuddur. İkitərəfli əlaqələrimizin genişlənməsi üçün geniş imkanlar, potensiallar və zəminlər vardır. Mən uğurlu danışıqlara, səmərəli müzakirələrə görə təşəkkür edirəm. Mühüm sazişlərin imzalanmasına görə də cənab İlham Əliyevə və istəkli Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm.
Əminəm ki, mənim bu səfərim və yaxın zamanda qardaşım cənab Prezident İlham Əliyevin Tehrana səfəri xalqlarımızın əlaqələrinin daha da genişlənməsinə, onların inkişafına xidmət edəcəkdir.
Böyük və müqəddəs Allahdan əziz Azərbaycan xalqına cansağlığı, şadlıq, inkişaf, izzət, başucalığı diləyirəm. İnanıram ki, Allahın köməyi ilə gələcək bizlərindir, insani baxışlarındır. Gələcək həmişə bizim qardaşlıq və dostluq əsasında qurulan əlaqələrindir. Ümid edirəm ki, inşallah, qardaşım cənab Prezident İlham Əliyevi tezliklə Tehranda görəcəyəm.
Dövlət başçılarının nitqləri diqqətlə dinlənildi və alqışlarla qarşılandı.