İranda Çabahar-Zahidan dəmir yolunun inşasına başlanılıb
Tehran, 5 noyabr, AZƏRTAC
İranın Çabahar limanından Zahidan şəhərinə dəmir yolunun çəkilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, İranın yollar və şəhərsalma naziri Məhəmməd İslaminin iştirakı ilə mərasim keçirilib və ilk reyslər yola düzülüb. Nazir bildirib ki, bu dəmir yolu vasitəsilə Çabahar limanı ilə İranın digər regionları arasında nəqliyyat əlaqəsi yaranacaq. Bu yolla ildə 1 milyona yaxın sərnişinin və 2,8 milyon ton yükün daşınması nəzərdə tutulub. Dəmir yolu 2022-ci ilin sonunda istifadəyə veriləcək.
Qeyd edək ki, bu dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Cənub-Şərqi Asiya ölkələrindən Azərbaycan ərazisindən tranzit olaraq Avropaya daşınan yüklərin həcmini artıracaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Çabahar limanı əsasən Əfqanıstanın inkişafı üçün istifadə edilirdi. ABŞ da məhz bu səbəbə görə Çabahar limanını sanksiyalar siyahısından çıxarıb. ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Çabahar limanı sanksiyalara məruz qalmayacaq. Bu fakt Hindistana Çabahar limanına sərmayə yatırmaq üçün imkan yaradıb. Hindistan Avropa ilə iri həcmdə ticarət əlaqəsinə malik olan dövlətdir.
Hindistanın Mubayi limanından yüklər Çabahar limanına buradan isə dəmir yolu ilə İran, Azərbaycan və Rusiya ərazisindən keçərək Avropaya daşınacaq. Çabahar-Zahidan dəmir yolunun inşası isə yüklərin həcmi ilə yanaşı, tranzit ödəmələrinin də çoxalmasına səbəb olacaq ki, bu da region dövlətlərinin valyuta ehtiyatını artıracaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran