İranda COVID-19-a yoluxanların sayı 3 milyonu ötüb
Tehran, 10 iyun, AZƏRTAC
İran artıq peyvənd istehsal edən ölkələrin sırasında yer alıb və bu nailiyyət səhiyyəmizin uğurundan xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib. O bildirib ki, dünyada peyvəndin bölgüsü ilə əlaqədar böyük ədalətsizlik hökm sürür. Güclü iqtisadiyyata malik olan ölkələr lazım olduğundan artıq peyvənd istehsal etsələr də, onu başqa ölkələrə verməkdən və satmaqdan imtina edirlər. Hələ də dünyanın bir çox ölkəsində əhaliyə peyvənd vurulması gecikir. Buna səbəb peyvəndin çatışmamasıdır. Lakin İran “Cov İran Barakat” və “Fəxrə” peyvəndlərini istehsal edərək əhalini tam təmin etdikdən sonra onun ixracını da həyata keçirəcək. Artıq bir neçə dövlət İrandan peyvənd almaq üçün müraciət edib.
Bununla yanaşı, İran Rusiyadan əlavə olaraq 100 min doza “Sputnik V” peyvəndi alıb. Peyvənd artıq Tehrana çatıb. İran ilə Rusiya arasında 2,5 milyon doza peyvəndin alınması haqqında razılıq əldə olunub. Razılaşmaya əsasən Rusiya peyvəndi hissə-hissə İrana göndərir.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə son 24 saat ərzində 12 min 398 nəfər koronavirusa yoluxub, 153 nəfər isə ölüb. Bununla da İranda yoluxanların sayı 3 milyon 3 min 112 nəfərə, ölənlərin sayı isə 81 min 672-yə çatıb. Ötən may ayının sonu və iyunun ilk həftəsində yoluxma və ölüm hallarında azalma müşahidə edilirdi. Lakin 2 gündür ki, yoluxanların sayı sağalanların sayını ötüb. Gündəlik ölüm hallarının sayı 100-dən aşağı düşmür.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran