İRANDA KEÇİRİLƏCƏK 2-Cİ İSLAM OYUNLARINDA AZƏRBAYCAN İDMANÇILARI ÜÇÜN HƏR BİR ŞƏRAİT YARADILACAQ
AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) İranın Şiraz şəhər bədən tərbiyəsi və idman İdarəsinin rəisi Rəşid Xudabəxş ilə görüş keçirilmişdir.
BŞGİBİ-nin rəisi Raqif Abbasov Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətindən geniş söz açmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə gənc nəslin sağlam böyüməsi, inkişafı üçün ciddi işlər görülür, ardıcıl olaraq idman yarışları keçirilir. Bunun nəticəsidir ki, son illər idmançılar beynəlxalq yarışlarda ölkənin idman şərəfini layiqincə qorumuş və Vətənə medallarla dönmüşlər. R.Abbasov Azərbaycanda idman sahəsində böyük irəliləyişlərin baş verdiyini, ölkəmizdə bir çox beynəlxalq yarışların yüksək səviyyədə keçirildiyini xüsusi qeyd etmişdir.
Bildirilmişdir ki, İranda keçiriləcək 2-ci İslam Oyunlarına ciddi hazırlaşan Azərbaycan komandası Pekin Yay Olimpiadasında olduğu kimi burada da yüksək səviyyədə çıxış edəcəklər.
Rəşid Xudabəxş ölkələrimiz arasında tarixi əlaqələrdən və İranda gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açaraq bildirmişdir ki, 2 ölkənin gəncləri arasında birgə idman yarışlarının, təlim-məşqlərin, turnirlərin keçirilməsi zəruridir.
Qonaq demişdir ki, İslam Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına say məhdudiyyəti qoyulmayacaq.
Görüşdə BŞGİBİ-nin Xəzəryanı ölkələrin idman oyunlarının keçirilməsi ilə bağlı təklifi müzakirə edilmişdir.
Vurğulanmışdır ki, bu təklifin Xəzəryanı ölkələrin idman qurumlarının rəhbərləri tərəfindən müsbət qarşılanacağı təqdirdə, 2 ildən bir 5 idman növü üzrə yarışlar keçiriləcəkdir. İlk olaraq bu yarışların Bakıda keçirilməsi nəzərdə tutulur.