İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

Bakı, 20 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti “GITEX GLOBAL 2023” Beynəlxalq Texnologiya Sərgisinə qatılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə bir sıra görüşlər keçirib, nüfuzlu şirkət və qurumların dəvəti ilə tədbirlərdə iştirak ediblər.
İRİA-nın stendini ziyarət edən tədbir iştirakçılarına qurumun fəaliyyəti, layihələr, startap ekosisteminin inkişafı istiqamətində görülən işlər və rəqəmsal məhsullar haqqında ətraflı məlumat verilib.
Həmçinin tədbirdə iştirak edən startap ekosistemimizin qabaqcıl oyunçuları “Bonpar”, “İmajin”, “Schoolplus” startapları da digər ölkələrdən nümayəndələrin böyük marağına səbəb olub.
Tədbir, eyni zamanda, təcrübə və bilik mübadiləsi, habelə yeni əməkdaşlıqların formalaşdırılması baxımından çox faydalı olub.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, sədrin müşaviri Şahin Əliyev, İRİA-nın sədrinin müavini Rəşad Xalıqov, innovasiya üzrə rəhbər İqor Ovçarenko və beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis daxildir.