İSLAM ÖLKƏLƏRİNİN ALİ TƏHSİL VƏ ELM NAZİRLƏRİNİN IV KONFRANSININ İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Sizi - İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarını Azərbaycanın paytaxtı Bakı şəhərində ürəkdən salamlayıram, konfransınızın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı yetirirəm.
İslam ölkələri ilə hərtərəfli əməkdaşlıq müstəqil Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası yolunda əsas istiqamətlərdən birini təşkil edir. Son illər İslam Konfransı Təşkilatı və İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı ilə əlaqələrimizin daha da genişlənməsi bu münasibətlərin qarşılıqlı faydalı zəmində qurulmasından xəbər verir, xalqlarımızın təhsil və elm sahələrində gələcək inkişafına xidmət edir.
Müasir dünyanın qlobal inkişaf meyilləri dövlətlərin və cəmiyyətlərin sosial-iqtisadi həyatında təhsilin, elmin və yeni texnologiyaların əvəzsiz rol oynadığını aydın göstərir. İnkişafı təmin edən intellektual potensialın artırılması naminə təhsildə və elmdə qazanılmış qabaqcıl təcrübələrin öyrənilməsi, mübadiləsi və tətbiqi istiqamətində bütün birgə səylər yüksək qiymətləndirilməlidir. Ümidvaram ki, konfransınızda İslam ölkələrində elm, texnologiya və innovasiya strategiyası, biliklərə əsaslanan iqtisadiyyatın qurulması və ali təhsil sahəsində əməkdaşlığa dair problemlərin müzakirəsi təqdirəlayiq amil olaraq öz səmərəsini verəcəkdir.
Son illər Azərbaycan sosial-iqtisadi inkişaf yolunda ciddi uğurlar əldə etmişdir. Bütün bunlar ölkəmizin təbii resurslarından məqsədyönlü istifadə olunmasına yönəlmiş iqtisadi siyasətin nəticəsidir. Sevindirici haldır ki, həmin islahatlar, eləcə də yerli və beynəlxalq əhəmiyyətli iri layihələr peşəkar milli kadrların bilik və bacarıqları sayəsində müvəffəqiyyətlə həyata keçirilmişdir.
Azərbaycanda cəmiyyətin tərəqqisinin mühüm amili kimi təhsil və elm xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. İnformasiya Cəmiyyəti üzrə Sammitdə ölkəmiz bəyan etmişdi ki, bizim əsas vəzifəmiz mövcud iqtisadi nailiyyətlərimizin bəhrələrini insani sərvətə çevirməkdən ibarətdir. Bu məqsədlə ölkəmizdə təhsilin və elmin daha da inkişaf etdirilməsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır, xüsusi dövlət proqramları gerçəkləşdirilir. İnanıram ki, mötəbər tədbiriniz təmsil etdiyiniz ölkələrdə bu istiqamətdə məsələlərin ətraflı müzakirəsini aparacaq, gələcək faydalı əlaqələrin qurulması üçün geniş imkanlar açacaqdır.
Əminəm ki, konfransınız ölkələrimizin inkişafı, xalqlarımızın rifahı naminə təhsil və elm sahələrində əməkdaşlığın yeni yollarını müəyyən edərək, qarşıdakı vəzifələrin həyata keçirilməsinə öz layiqli töhfəsini verəcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2008-ci il.