ELM VƏ TƏHSİL
İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
Bakı, 1 sentyabr, AZƏRTAC
İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün sentyabrın 1–4-də saat 9:30-dan 17:30-dək Azərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi, buraxılış və qəbul imtahanlarının nəticələrinə dair arayış tələb olunur.
İslamşünaslıq ixtisası üzrə Dini-psixoloji komissiya Bakıda fəaliyyət göstərəcək. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər. Yalnız müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində Azərbaycan İlahiyyat İnstitutunun İslamşü¬nas¬lıq ixtisasını qeyd edə biləcəklər.
III ixtisas qrupunun islamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.
Qeyd: 2023-cü ilin avqust ayında keçirilmiş müsahibələrdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır.