REGİONLAR
İsmayıllı gəncləri Xocalı sakininin ailəsini ziyarət ediblər
İsmayıllı, 18 fevral, AZƏRTAC
Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindəndir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xocalıya hücum etdi və minlərlə günahsız insanı, o cümlədən uşaqları, qocaları, qadınları qətlə yetirdi, əsir aldı, görünməmiş işgəncələrə məruz qoydu. İndi həmin vaxtdan illər ötür, lakin o dəhşətli qırğının acısı hələ də Azərbaycan xalqının, xüsusən qaçıb canını qurtaran günahsız xocalıların qəlbini göynədir.
Respublikamızın ayrı-ayrı bölgələrində məcburi köçkün həyatı yaşayan Xocalı sakinlərindən biri - Bəsti Bəndəliyeva bu gün İsmayıllının Ruşan kəndində müvəqqəti məskunlaşıb. O, doğma torpaqlarımızın azad ediləcəyini, öz ata-baba yurdu olan Xocalıya qayıdacağı günü səbirsizliklə gözləyir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları hər il olduğu kimi, bu il də Xocalı soyqırımı günü ərəfəsində Bəsti Bəndəliyevanın ailəsini ziyarət ediblər.
O müdhiş gecədə Xocalıya basqın edən erməni hərbi hissələrinə qarşı mərdliklə sinə gələn qardaşlar David və Şahin Haqverdiyevlər çiyin-çiyinə döyüşərək qəhrəmancasına şəhid olublar. İndi şəhidlərin bacısı Bəsti Bəndəliyeva o illərin acısını, həyatlarının gənclik çağlarında şəhid olan qardaşlarının həsrətini çəkir. Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Bəsti Bəndəliyevanın kədərinə şərik olub, doğma torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını bildirib, şəhid bacısına təsəlli veriblər.