İsmayıllının ucqar dağ kəndlərinə asfalt yol çəkilir
İsmayıllı, 4 noyabr, AZƏRTAC
Bu gün Azərbaycanın müharibə şəraitində olduğu bir vaxtda ayrı-ayrı bölgələrdə sosial layihələrin icrası diqqət mərkəzindədir. Bu layihələrdən biri hazırda İsmayıllı rayonunda reallaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun dəniz səviyyəsindən 1500 metr yüksəklikdə olmaqla, rayon mərkəzindən 40 kilometrdən çox məsafədə yerləşən Tağlabiyan, Kəlfərəc və Mücü kəndlərinə ilk dəfə asfalt yol çəkilir. Basqal qəsəbəsindən başlayaraq bu kəndlərə çəkilən yolun uzunluğu, ümumilikdə, 10 kilometrdir. Burada yol yatağı yenidən qurulur, körpü və suötürücü kollektorlar quraşdırılır və asfalt döşənir.
İşlər “İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 iyul tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, dövlət başçısının 2018-ci ildə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə әlaqәdar imzaladığı Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq ərazidə tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işləri aparılır, habelə ənənəvi xalq sənətkarlığı növlərinin və turizmin dirçəldilməsi də nəzərdə tutulur. Bundan əlavə, 17,6 hektar ərazidə “Basqal” Ailə Sağlamlıq və İstirahət Kompleksi də tikilir.