İspandilli nəşrlər Azərbaycanın Qarabağ müharibəsində Zəfərin bayram edilməsi haqqında yazırlar
Madrid, 8 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilmiş Zəfər Gününü bayram edir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə ispandilli nəşrlərdə (EFE informasiya agentliyi, İsveçrə ictimai teleradio yayım korporasiyasının (SRG SSR) ispandilli SWI swissinfo.ch versiyası, aparıcı xəbər portalları, Ekvadorun eldiario.es xəbərlər portalı) “Azərbaycan Qarabağdakı müharibədə Ermənistan üzərində Qələbəni bayram edir” sərlövhəli məqalə dərc edilib.
Materiallarda xatırladılır ki, Azərbaycan Ordusunun strateji əhəmiyyətə malik Şuşanı azad etdiyi gün Zəfər Günü kimi qeyd olunur. Həmçinin bildirilir ki, Şuşanın azad edilməsi ilə Ermənistan faktiki olaraq təslim oldu.
İspandilli mətbuat Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına istinadla yazır ki, rəsmi Bakı beynəlxalq hüquq əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.
Məqalədə bildirilir ki, bu gün Azərbaycan öz Qələbəsini möhtəşəm təntənəli Zəfər yürüşü ilə qeyd edir. Yürüş boyunca Azərbaycan hərbçiləri uzunluğu 400 metrdən çox olan bayrağı başları üzərində daşıyıblar. Yürüşün sonunda fləşmob nümayiş etdirilib. Fləşmobda könüllü gənclərin iştirakı ilə İkinci Qarabağ müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid