İspaniyanın “Atletiko” (Madrid) futbol akademiyasında təhsil alacaq azərbaycanlı yeniyetmələr mətbuat nümayəndələrinə təqdim olunmuşlar
Bakı, 2 noyabr (AZƏRTAC). “Bakı” komandası Madrid “Atletiko”sunun futbol akademiyasına göndərəcəyi 1999-cu il təvəllüdlü oyunçuları mətbuat nümayəndələrinə təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, bir neçə mərhələdən sonra seçilən Ruslan Süleymanov, Adıgözəl Qəlbinur, Rəşid Əliyev, Asim Abdullazadə və Cavid Mikayıllı noyabrın 2-də İspaniyaya yola düşəcəklər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov inkişaf üçün azyaşlı futbolçuların Avropanın aparıcı futbol akademiyalarına göndərilməsinin vacib olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 14 yaşlı futbolçuların ən yaxşıları İspaniyaya yola düşmək üzrədir. Siz orda futbolçu olmaqdan əlavə, Azərbaycanı təmsil edəcəksiniz. Bunun üçün nizam-intizam qaydalarına böyük önəm verməlisiniz.
Nazir vurğulamışdır ki, Madrid “Atletiko”su və “Lans”ın (Fransa) formasında 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına aid loqonun yerləşdirilməsi “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsüdür. O özəl müəssisə sahibidir, istəsəydi, bu təklifi verməzdi. Ölkəmizin tanıdılması üçün bu niyyətini alqışlayıram. Hələ ki, möhtəşəm idman tədbirinin loqosu hazırlanır. Noyabrın 23-də təqdim olunacaq loqonu yerli dizaynerlərdən biri təqdim edəcəkdir.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirmişdir ki, ölkə başçısı İlham Əliyevin futbol siyasətinə dəstək olan “Bakı” klubu da bu yöndə maraqlı layihələr gerçəkləşdirir. İspaniyaya yollanan uşaqlar bu imkandan səmərəli istifadə etməli və Azərbaycan futboluna fayda verməlidirlər.
Madrid “Atletiko”sunun Marketinq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Emilyo Qutyerres demişdir: “Bu tədbir əməkdaşlığımızın tərkib hissəsidir. Bu uşaqlar orda nəinki futbol, onun mədəniyyətini də öyrənəcəklər. Akademiyamızın ən güclü komandaları ilə məşq keçib, yaxşı təcrübə qazanacaqlar. Elit komandanın işi ilə tanış olacaqlar. Akademiyanın hər bir futbolçusu əsas komandaya düşməyi hədəfləyir. Sizə də bunu arzulayıram. Çünki bu imkan hər kəsə qismət olmur. Hər cür rəqabətə hazır olmalı və əlinizə düşən imkanlardan layiqincə yararlanmalısınız. Orda dil öyrənməklə bərabər, “Atletiko”nun oyunlarına baxmaq imkanı qazanacaqsınız”.
Sonda “Bakı”nın prezidenti Hafiz Məmmədov demişdir ki, “Atletiko” kimi elit klubun təcrübəsindən yararlanmaq qürurvericidir. “Lans” da Fransanın 2-ci liqasında oynamasına baxmayaraq, köklü klubdur. Bizim bu yöndə “Lans”la da əməkdaşlığımız nəzərdə tutulmuşdur. Mən təkcə “Bakı”nın oyunçularına dəstək vermirəm. Digər komandalarda da istedadlı uşaqlar varsa, versinlər, biz onlara hər yöndən dəstək olmağa hazırıq. Bu uşaqların minimum 3 il İspaniyada qalması gözlənilir. Amma yenə də bu onların özünü necə göstərməsindən asılıdır. Üstəlik, 2016-cı ildə ölkəmizdə 17 yaşadək futbolçular arasında Avropa çempionatı təşkil olunacaqdır. Həmin vaxt bu futbolçular yığmanın əsasını təşkil etməlidir.