“Israel Science Info” jurnalında Azərbaycan-İsrail əlaqələrindən bəhs edən məqalə dərc olunub
Bakı, 1 iyun, AZƏRTAC
Fransada nəşr edilən məşhur “Israel Science Info” jurnalının sonuncu nömrəsində Montesquieu Universitetinin siyasi elmlər üzrə azərbaycanlı məzunu Səid Musayevin İsrail-Azərbaycan əlaqələrindən bəhs edən məqaləsi dərc olunub.
Məqalədə Azərbaycan ilə İsrail arasında dostluq münasibətlərinin, xüsusilə son illər elmi sahədə əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycanda yaşayan israillilərin və İsraildəki azərbaycanlıların xüsusi rolu qeyd edilir.
Müəllif Cənubi Qafqazda iqtisadi baxımdan dinamik inkişaf edən Azərbaycanın bu regionun ümumi daxili məhsulunun 80 faizini təşkil etdiyini, 2014-cü ildə İsrail və Azərbaycan arasında xarici ticarət dövriyyəsinin 4 milyard dollara çatdığını, MDB ölkələri arasında Azərbaycanın İsrailin birinci ticarət tərəfdaşı olduğunu vurğulayır. 2009-cü ildə İsrail Prezidenti Şimon Peresin Azərbaycana ilk rəsmi səfərinin baş tutduğunu xatırladan müəllif bu səfərin iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoymasına səbəb olduğunu diqqətə çatdırır.
Məqalədə Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi və zəngin karbohidrogen resurslara malik olması, ən əsası enerjinin İsrail-Azərbaycan strateji əməkdaşlığında əsas yerlərdən birini təşkil etməsi vurğulanır. Bildirilir ki, Azərbaycanın Xəzər hövzəsinin şərq-qərb keçidində yerləşməsi bu ölkəyə zəngin enerji resurslarına malik Mərkəzi Asiya dövlətləri ilə əhəmiyyətli nəqliyyat, enerji əlaqələrinin qurulmasına imkan verir.
Azərbaycanla enerji əməkdaşlığının İsrailin enerji təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Səid Musayev bu gün İsrailin neftə olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən təmin olunduğunu vurğulayır.
Diqqətə çatdırılır ki, ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasına 2013-cü ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə etdiyi səfər də xüsusi töhfə verib.
Məqalədə İsrail-Azərbaycan münasibətlərinin yeni mərhələyə məhz 1997-ci ildə bu ölkənin Baş naziri Benyamin Netanyahunun Bakıya səfər zamanı ulu öndər Heydər Əliyevlə keçirdiyi görüş nəticəsində daxil olduğu vurğulanır. Ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin mövcud olmasını təsdiq edən daha bir faktın İsrailin Haifa Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında 2014-cü ilin noyabr ayında elmi əməkdaşlıq haqqında niyyət protokolunun imzalanması olduğu diqqətə çatdırılır. Həmçinin Azərbaycan Dillər Universitetində azərbaycanlı tələbələrə İsrail və Yaxın Şərq regionunun, habelə, ivrit dilinin öyrədilməsi məqsədilə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyi qeyd olunur.
Qeyd edək ki, “Israel Science Info” jurnalı İsrailin beynəlxalq aləmdə yerinin nümayiş etdirilməsi məqsədilə elmi axtarışlar və ixtiralar, yüksək texnologiyalar, biznes, sənaye və beynəlxalq əməkdaşlıq mövzularında yazılan ilk elmi-metodik məqalələrin dərc olunduğu nəşrdir.
Səid Musayev həm də “The Times of Israel” elektron jurnalında multikulturalizm və mədəniyyətlərarası dialoq platforması üzrə bloggerlik edir.