İSRAİL ŞİRKƏTLƏRİ AZƏRBAYCANIN REGİONLARINASƏRMAYƏ QOYMAĞA HAZIRDIR
İsrailin ölkəmizdəki səfirliyinin ticarət və iqtisadiyyat departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, münasibətlərin inkişafını təmin edən əsas amillər iqlim oxşarlığı və coğrafi yaxınlıqdır. Bu münasibətlərin böyük potensialı vardır. Belə ki, İsrail qeyri-neft bölməsi üzrə inkişaf etmiş dövlətdir, Azərbaycandan o qədər də uzaqda yerləşmir. Ölkələrimiz arasında nəqliyyat infrastrukturu nizama salınmışdır. Əlbəttə, insan münasibətlərini də unutmaq olmaz. Axı, İsraildə bu gün çoxlu Bakı yəhudisi yaşayır. Bütün bunlardan əlavə, hər iki ölkə iqtisadiyyatın qeyri-neft bölməsinin inkişafında maraqlıdır. İsraildə kənd təsərrüfatı və yüksək texnologiya ilə işləyən şirkətlər xüsusilə inkişaf etmişdir. Hazırda İsrail şirkətləri turizm, telekommunikasiya, tikinti, infrastruktur və kənd təsərrüfatı sahələrində Azərbaycan şirkətləri ilə əməkdaşlığa maraq göstərirlər. Azərbaycanda sahibkarlığın inkişafına göstərilən diqqət bu şirkətləri daha da ruhlandırır. Onlar burada kənd təsərrüfatı məhsullarının emalını, qablaşdırılmasını və dünya bazarlarına çıxarılmasını qaydaya salmaq istəyirlər.
Artıq 11 iri şirkət qarşılıqlı əməkdaşlıq barədə təkliflərlə müraciət etmişdir. Təkliflər əsasən infrastruktur, telekommunikasiya, kənd təsərrüfatı, o cümlədən heyvandarlığı əhatə edir. İsrail şirkətləri, həmçinin Azərbaycanda perspektivli layihələrin reallaşdırılmasına sərmayə qoymağa hazırdırlar.
Xatırladaq ki, səfirlikdə elektron baza mövcuddur. İstənilən Azərbaycan şirkəti burada qeydiyyatdan keçib İsrail biznesmenləri ilə birbaşa əlaqə saxlaya bilərlər.
Bu yaxınlarda İsrail iş adamlarının Azərbaycana səfəri gözlənilir.