MƏDƏNİYYƏT
İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Ümummilli Liderin abidəsini ziyarət edib
İstanbul, 3 noyabr, Günel Karatepe, AZƏRTAC
İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti noyabrın 3-də şəhərin Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarətdə Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Xalq yazıçısı Elçin Əfəndiyev, Türk Mədəniyyəti və İrsi Fondunun Aparat rəhbəri Fəxri Hacıyev, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, yazarlar və naşirlərimiz iştirak ediblər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı abidəsi 2006-cı ildə ucaldılıb və Prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışı keçirilib.
Xatırladaq ki, bu il Azərbaycan “Uşaqlıq şənlikdir” devizi ilə İstanbulda keçirilən sərgidə fəxri qonaq qismində iştirak edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.