İstanbulda helikopter qəzasında dörd Rusiya vətəndaşının öldüyü təsdiqlənib VİDEO
Bakı, 10 mart, AZƏRTAC
RF Xarici İşlər Nazirliyi İstanbulda helikopter qəzası nəticəsində dörd Rusiya vətəndaşının həlak olduğunu təsdiqləyib. Bu barədə məlumat qurumun Twitterdəki rəsmi səhifəsində yer alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəzada dördü rusiyalı olmaqla, beş nəfərin həyatını itirdiyi bildirilir. İlkin məlumata görə, Eczacıbaşı şirkətinə məxsus helikopter dumanlı havada televiziya qülləsinə çırpılıb.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib. Sikorsky markalı helikopter havaya qalxdıqdan bir neçə dəqiqə sonra E-5 avtomobil yolu üzərində qəzaya uğrayıb.
Bəzi mənbələr helikopterin göyərtəsindəki 7 nəfərin (iki pilot, bir Türkiyə və dörd Rusiya vətəndaşı) hamısının öldüyü barədə məlumat yayıblar. Lakin bu fakt hələlik rəsmən təsdiqlənməyib.