İstanbulda keçirilən beynəlxalq simpoziumda Qarabağın dünəni, bu günü, sabahı müzakirə olunub
İstanbul, 13 oktyabr, AZƏRTAC
İstanbulda keçirilən “Qarabağın dünəni, bu günü, sabahı” mövzusunda beynəlxalq simpozium ikinci günündə öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də İstanbulun Marmara Universitetinin İlahiyyat fakültəsində davam edən simpoziumda “Erməni milliyyətçiliyinin Cənubi Qafqaza təsiri”, “Bir geo-psixoloji vəziyyətin həllinin analizi: İkinci Qarabağ müharibəsindən sonra türk dünyası”, “İkinci Qarabağ müharibəsi: Türk dünyasının buna baxışı və dəyərləndirilməsi”, “ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində uğursuzluğunun səbəblərinin təhlili”, “1994-cü il Atəşkəs Razılaşmasından sonra Qarabağda baş verən ilk ciddi qarşıdurma: 2016 döyüşləri” mövzularında panel iclaslar keçirilib, mövzular geniş müzakirə olunub. Panellər Türkiyə və Azərbaycan elm adamlarının moderatorluğu ilə baş tutub.
Xatırladaq ki, Türkiyənin Marmara Universitetinin təşkilatçılığı, Türkiyə Araşdırmalar İnstitutu, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, İstanbulun Üsküdar Bələdiyyəsi və digərlərinin dəstəyi ilə keçirilən tədbir iki gün davam edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul