İSTANBULDA LEONARDO DA VİNÇİNİN LAYİHƏSİ ƏSASINDA KÖRPÜ TİKİLƏCƏK
“Milliyyət” qəzeti yazır ki, layihənin son variantı payızda hazır olacaq və dərhal da gerçəkləşdiriləcəkdir. Bülənd Güngör demişdir ki, İstanbul meriyası Leonardo da Vinçinin bütün texniki hesablamalarını saxlamaq təklifini dəstəkləmişdir. Bu, böyük sənətkarın misilsiz layihəsini olduğu kimi həyata keçirməyə imkan verəcəkdir.
Da Vinçinin düşündüyü kimi, körpünün uzunluğu 240, eni 8, hündürlüyü 24 metr olacaqdır. Bütün konstruksiya poladdan düzəldiləcək, piyada cığırlarına isə görkəmli türk memarı Sinanın geniş tətbiq etdiyi material – yonulmamış daş döşənəcəkdir.
Leonardo da Vinçinin layihəsi sultanın Topqapı sarayının arxivlərindən tapılmışdır. Tarixi sənədlərdə deyilir ki, körpünü 1502-ci ildə layihələndirən da Vinçi onu Xəlicin lacivərd sahillərində tikmək təklifi ilə sultan sarayına müraciət etmişdi.