“İT – Akademiya”da növbəti “Məzun günü”
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Elm və Təhsil, İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT - Akademiya” təhsil layihəsi üzrə “İkinci dalğa” adlı “Məzun günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “İT - Akademiya”nın fəaliyyətinin ölkənin informasiya texnologiyaları bazarının inkişafına töhfə olduğunu diqqətə çatdırıb. Bildirib ki, innovasiya və yeni texnologiyaların geniş tətbiqi təhsil sisteminin təkmilləşdirilməsinə zəmin yaradır. Bu tipli layihələr ortayaşlı insanların əmək bazarında rəqabətədavamlı olması və öz peşəsini dəyişmək istiqamətində geniş imkanlar qazanması baxımından böyük rola malikdir.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, rəqəmsal biliklərin artırılması iqtisadiyyatın daha sürətli inkişafına münbit şərait yaradır. Qlobal iqtisadiyyatda cərəyan edən trendləri izləyən Azərbaycan da cəmiyyətin yüksək rəqəmsal bacarıqlara sahib olmasını və innovativ iqtisadiyyatın formalaşdırılmasını hədəfləyir. “İT - Akademiya”nın müasir əmək bazarının tələblərinə cavab verən insan resurslarının formalaşdırılmasına dəstək verdiyini deyən E.Əliyev bunun məzunların karyerasına, eləcə də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə olacağını qeyd edib.
“Alqoritmika”nın baş direktoru Andrey Lobanov öz növbəsində müasir inkişaf tələbləri fonunda İT sahəsinin əhəmiyyəti barədə fikirlərini bildirib, rəhbəri olduğu qurum tərəfindən tətbiq olunan tədris metodları barədə məlumat verib.
Daha sonra Elm və Təhsil, İqtisadiyyat nazirliklərinin birgə dəstəyi ilə yaradılan “İT - Akademiya”nın fəaliyyəti və tədris prosesi barədə təqdimat nümayiş olunub.
Tədbir çərçivəsində “İT - Akademiya”da tədris müddətində uğurlu nəticə göstərmiş 11 məzun sertifikatla təltif olunub, İT sahəsində fəaliyyət göstərən şirkətlərin təmsilçiləri ilə görüşlər keçirilib.