HEYDƏR ƏLİYEV - 100
İtaliya mətbuatı Ümummilli Lider Heydər Əliyevlə bağlı məqalələr dərc edib
Roma, 11 may, AZƏRTAC
İtaliyanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan xalqının dahi oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Libero”, “Notizie Tiscali”, “Askanews”, “Insideover”, “Agenzia Nova” kimi informasiya agentliklərinin yaydığı məqalələrdə və video materiallarda Ümummilli Liderin xilaskarlıq və quruculuq missiyasından, Azərbaycan xalqının ictimai-siyasi həyatında və dövlətçilik tarixindəki misilsiz rolundan bəhs olunub. Ulu Öndərin Azərbaycanın neft-qaz siyasətinin formalaşmasındakı xidmətləri, eləcə də dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində reallaşan və ölkəmizin dünya enerji təchizatında strateji oyunçu kimi rolunu artıran “Əsrin müqaviləsi”nin əhəmiyyəti vurğulanıb.
Yazılarda Heydər Əliyevin 1997-ci ildə müstəqil Azərbaycanın ilk prezidenti kimi İtaliyaya səfərinin əhəmiyyəti, Ümummilli Liderin Azərbaycan-İtaliya münasibətlərinin inkişafındakı xüsusi rolu qeyd olunub. Bildirilib ki, hazırda Azərbaycan-İtaliya əlaqələri çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, TAP boru kəməri sayəsində ölkəmiz Avropanın, eləcə də İtaliyanın etibarlı enerji təminatçısıdır.
Məqalələrdə ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanovun fikirlərinə də yer verilib. Diplomat Ulu Öndərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təminatındakı rolunu, çoxvektorlu xarici və enerji siyasətinin əhəmiyyətini qeyd edib, xalqımızın Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyini bildirib.