İtaliyada 81 nəfərin öldüyü təyyarə qəzasının arxasında fransız raketinin olduğu iddia edilib

Roma, 3 sentyabr, AZƏRTAC
İtaliyada 1980-ci ildə 81 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının arxasında Fransaya məxsus raketin olduğu iddia edilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın sabiq Baş naziri Culiano Amato 1980-ci il iyunun 27-də Ustica adası yaxınlığında qəzaya uğrayan “Itavia” aviaşirkətinin “DC-9” tipli təyyarəsinin Fransaya məxsus raketlə vurulduğunu iddia edib. O qeyd edib ki, həmin vaxt Liviya Prezidenti Müəmmar Qəddafinin olduğu təyyarənin vurulması ilə bağlı plan hazırlanmışdı. Lakin Liviya lideri bu plandan əvvəlcədən xəbərdar olub.
Culiano Amato “Itavia”ya məxsus təyyarənin raketlə vurulması ilə nəticələnən hadisənin arxasındakı ssenarinin bir çox təyyarənin hərəkətdə olduğu NATO təlimi zamanı Müəmmar Qəddafinin uçduğu təyyarənin qəza adı altında vurulması olduğunu deyib. Fransanı hadisəyə görə məsuliyyətini qəbul etməyə çağıran sabiq Baş nazir deyib ki, indi Yelisey Sarayı rəsmi Parisin vicdanına yük olan bu məsələ ilə bağlı müəmmanı aradan qaldıra bilər.
İtaliyanın Baş naziri Ciorcia Meloni Ciuliano Amatonun açıqlamaları diqqət edilməli vacib sözlər olduğunu deyib, hökumətin bütün lazımi tədbirləri görməsi üçün sabiq Baş nazirin bu hadisə ilə bağlı faktları aidiyyəti orqanlarla bölüşməyə çağırıb.
Xatırladaq ki, 1980-ci il iyunun 27-də Bolonya-Palermo reysini yerinə yetirən “Itavia” aviaşirkətinə məxsus “DC-9” tipli sərnişin təyyarəsi Ustica adası yaxınlığında, Tirren dənizində qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədəki 81 nəfər həlak olub.
Roma