İtaliyada funikulyor qəzası zamanı həlak olanların beşi İsrail vətəndaşıdır
Bakı, 24 may, AZƏRTAC
Mayın 23-də İtaliyanın şimalında Macciore gölü yaxınlığında funikulyor kabinəsinin kanatdan qoparaq yerə çırpılması nəticəsində həlak olanların arasında beş İsrail vətəndaşı var.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qurumun məlumatına görə, həlak olanların hamısı bir ailənin üzvləridir.
“İtaliyanın şimalında Alp dağları üzərində kanat yolunda baş verən qəza nəticəsində 14 nəfər, o cümlədən beş israilli həlak olub. Onlar İtaliyada oxuyub işləyən ailə cütlüyü, onların iki yaşlı oğlu və doğmalarını ziyarət etmək üçün İtaliyaya gələn nənə və babadır. Həmçinin qəza zamanı ağır yaralanan beş yaşlı İsrail vətəndaşı xəstəxanada müalicə olunur”, - deyə xarici siyasət idarəsinin məlumatında bildirilir.
Xatırladaq ki, mayın 23-də İtaliyanın şimalında Alp dağları üzərində 15 nəfəri daşıyan funikulyor kabinəsinin qırılaraq 20 metr hündürlükdən yerə düşməsi nəticəsində 14 nəfər həlak olub. Bir neçə il öncə əsaslı təmirdən çıxan kanat xəttində qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. İtalyanın hakimiyyət orqanları qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıb və prokurorluqda istintaq başlayıb.