İtaliyadakı Etna vulkanı yenidən fəallaşıb
Roma, 2 iyun, AZƏRTAC
Avropanın ən hündür və aktiv vulkanı olan Etna yenidən oyanıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Siciliya adasındakı vulkan kül və lava püskürməyə başlayıb. Vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə olunub. Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın şərqində minlərlə metr yüksəkliyə qalxıb və böyük əraziyə yayılıb.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun Kataniya bölməsinin direktoru Stefano Branka bildirib ki, 2021-ci ilin fevralından bəri Etnada belə intensiv vulkanik fəaliyyət qeydə alınmayıb.
Siciliya bölgəsinin rəhbəri Renato Şifani isə deyib ki, hazırda əhali üçün heç bir təhlükə yoxdur və regional mülki müdafiə qüvvələri Etnadakı vəziyyəti yaxından izləyir.
Qeyd edək ki, Etna vulkanında ildə bir neçə dəfə fəallıq müşahidə edilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma