İTALİYALI GEOLOQLAR ÖLKƏMİZDƏ TƏDQİQAT İŞLƏRİ APARMIŞLAR
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd palçıq vulkanları yerləşən ərazilərdə atmosferə qarışan metan qazının həcmini hesablamaqdır. Tədqiqatlar “Palçıq vulkanlarından çıxan metan qazının qısamüddətli fluktuasiyalarının peyk vasitəsilə monitorinqi” adlı layihə çərçivəsində aparılır. İkiillik layihə NATO-nun qrantı ilə bu ildən reallaşdırılır. Azərbaycan tərəfindən icraçılar Geologiya İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü İbrahim Quliyev, palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev, seysmologiya şöbəsinin müdiri, geologiya–mineralogiya elmləri doktoru Bəhruz Pənahidir.
B.Pənahinin sözlərinə görə, tədqiqatlar, əsasən, peykdən çəkilmiş fotoşəkillər və vulkan pilpilələrindən çıxan qazın əsasında aparılır. Həmçinin pilpilələrdən çıxan akustik siqnallar vasitəsilə qazın mənbəyinin dərinliyi öyrənilir.
Tədqiqatlar hələlik Qobustan, Abşeron və Şamaxıdakı 8 palçıq vulkanı üzərində aparılır. İlkin nəticələr avqustda İtaliyada açıqlanacaqdır.
Xatırladaq ki, tədqiqatlarda indiyədək tətbiq edilməmiş nadir elmi- texniki vəsaitlərdən istifadə olunmuşdur.