İtaliyanın Kalabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
Bakı, 4 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Gənc Alimlər Şurasının onlayn elmi seminarı keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev çıxışında gənc tədqiqatçıların fəaliyyətinin təşkilində Gənc Alimlər Şurasının mühüm rolu olduğunu bildirib. O, seminarın məruzəçisi, İtaliyanın Kalabria Universitetinin professoru Kristian Vakacela Qomezlə Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Lalə Qəhrəmanlı arasında sıx elmi əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Lalə Qəhrəmanlı bu əməkdaşlıq çərçivəsində qrafen əsaslı materialların xassələrinin öyrənilməsi, onların tətbiq perspektivlərinin araşdırılması və nəzəri hesablamaların aparılması istiqamətində birgə həyata keçirilən tədqiqatlar barədə məlumat verib.
Sonra professor Kristian Vakacela Qomez “Aşağı ölçülü materiallarda plazmon rezonansı və əlaqəli tətbiqlər” (“Plasmon resonance in low-dimensional materials and related applications”) mövzusunda məruzə edib. Məruzədə aşağı ölçülü sistemlərdə plazmon rezonansı hadisələrinin nəzəri əsasları, o cümlədən akustik plazmonlar və 2D plazmon effektləri geniş izah olunub. Səth və interfeys hadisələrinin rolu, qrafen və silisium əsaslı materiallar kimi aşağı ölçülü strukturlarda müşahidə olunan xüsusiyyətlər, müasir nəzəri yanaşmalar, xüsusilə DFT (Sıxlıq funksional nəzəriyyəsi - Density functional theory) hesablamaları təqdim edilib. Bununla yanaşı, müxtəlif nanomaterialların sintez üsulları, onların elektron və optik xassələrinin nəzəri modelləşdirilməsi, plazmon hadisələrinin biosensor texnologiyalarında tətbiq imkanları ətraflı müzakirə olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.