“Ивановка – село моё родное” kitabının təqdimatı olub
İsmayıllı, 4 mart, AZƏRTAC
İsmayıllı rayonunun İvanovka kəndində təqaüddə olan tarix müəllimi Nadejda Vasilyevna Jabinanın yeni çapdan çıxan “Ивановка - село моё родное” (“İvanovka - mənim doğma kəndim”) kitabının təqdimatı keçirilib. Kitab “İsmayıllı xəbərləri” rayon qəzetinin redaktoru, jurnalist Şahməmməd Dağlaroğlunun redaktorluğu ilə buraxılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda malakanların tarixi, Əmək qəhrəmanı Nikolay Nikitinin sədrliyi ilə böyük uğurlara imza atan İvanovka kəndi barədə zəngin məlumatların toplandığı kitab oxucular tərəfindən maraqla qarşılanıb. Bu kitab İvanovkaya həsr edilən birinci tarixi-publisist əsərdir. Kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İvanovkaya səfərlərindən, bu kəndə göstərilən diqqət və qayğıdan da geniş bəhs olunur.
İvanovka tam orta məktəbinin akt zalında rayon icra hakimiyyətinin, İsmayıllı və İvanovka ictimaiyyətinin, təhsil işçilərinin iştirakı ilə keçirilən təqdimat mərasimində müəllif kitabın ərsəyə gəlməsindən danışıb.
Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndə İvan Prokofyev, rayon təhsil şöbəsinin məsləhətçisi Mail Səfərov müəllifin tarixiliklə müasirliyi vəhdətdə götürməklə İvanovkanın yüksəlişini oxuculara bacarıqla çatdırdığını vurğulayıblar.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov yaradıcı əməyinə görə müəllif Nadejda Vasilyevna Jabinaya fəxri fərman və mükafat təqdim edib.
İvanovkanın “Slavyanoçka” folklor ansamblı və məktəbin bədii özfəaliyyət kollektivi təqdimat mərasiminə xoş ovqat gətirib.