IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində erməni yalanlarını ifşa edən kitabların təqdimatı keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Tarix və Etnologiya İnstitutunun “XIX -XX əsrin əvvəllərində İrəvan şəhərlərinin tarixindən” və “İstoriya Azerbaydjana v armyanskoy istoriçeskoy publisistike i istorioqrafii: falsifikasiya i pravda” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Tarix və Etnologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru Kərim Şükürov “XIX -XX əsrin əvvəllərində İrəvan şəhərlərinin tarixindən” kitabından danışıb. O bildirib ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvan şəhərinin tarixinin öyrənilməsinə və təbliğinə böyük önəm verilir. Qeyd edib ki, beynəlxalq ictimaiyyət indiki Ermənistan ərazisi olan İrəvanın tarixi Azərbaycan torpağı olduğunu bilməlidir.
Daha sonra Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov həmin fondun sifarişi ilə hazırlanan “İstoriya Azerbaydjana v armyanskoy istoriçeskoy publisistike i istorioqrafii: falsifikasiya i pravda” kitabının əhəmiyyətindən bəhs edib və müəlliflərə təşəkkürünü bildirib.
Qeyd edək ki, “XIX -XX əsrin əvvəllərində İrəvan şəhərlərinin tarixindən” kitabının ümumi redaktoru tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, elmi redaktorları tarix üzrə fəlsəfə doktoru dosent Zeynəb Qafarova və tarix üzrə fəlsəfə doktoru dosent Sevinc Mustafayevadır. “İstoriya Azerbaydjana v armyanskoy istoriçeskoy publisistike i istorioqrafii: falsifikasiya i pravda” kitabının tərtibatçısı Kərim Şükürov, elmi redaktoru İlqar Niftəliyevdir.