Kamran İmanov: İqlim böhranının aradan qaldırılması dayanıqlı yaşıl gələcəyin qurulması deməkdir
Bakı, 30 oktyabr, AZƏRTAC
Kollektiv təcrübəyə, ixtiraçılığa və kreativliyə əsaslanaraq, insan cəmiyyəti yaşıl gələcək yaratmağa qadirdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov oktyabrın 30-da keçirilən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada söyləyib.
Müasir dünyada yaşıl innovasiya, yaşıl texnologiya, yaşıl patent, yaşıl enerjinin aktual mövzu olduğunu qeyd edən Kamran İmanov Qlobal İnnovasiya İndeksi üzrə hesabatlarda innovasiyaların enerji mənbəyi kimi vacib rolunun vurğulanmasının təsadüfi olmadığını qeyd edib.
Professor Kamran İmanov qeyd edib ki, proqnozlara görə, 2040-cı ildə ənənəvi enerji istehlakı üsulları ilə dünyanın enerjiyə tələbatı 30 faizdən çox artacaq və bununla əlaqədar iqlim də prinsipial dəyişikliklərə məruz qalacaq: “Hər dəfə növbəti ilə qədəm qoyarkən, biz dünyada iqlim dəyişikliklərinin, o cümlədən qasırğalar, daşqınlar, quraqlıqlar və təbiət yanğınlarının təsirini çox aydın hiss etmişik, törətdiyi acı nəticələr ilə rastlaşmışıq”.
Odur ki, iqlim böhranının aradan qaldırılması dayanıqlı yaşıl gələcəyin qurulması deməkdir”.