KANSLER ANGELA MERKELİN BƏYANATI
-Hörmətli xanımlar və cənablar!
Mən çox şadam ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevi bu gün Berlində qarşılamaq imkanına malikəm.
Cənab Prezident, biz Sizinlə sonuncu dəfə təxminən üç il bundan əvvəl - 2007-ci ilin fevral ayında Berlində görüşmüşdük. O vaxtdan təxminən üç il keçibdir. Qeyd etmək istərdim ki, bizim iqtisadi münasibətlərimiz çox gözəl səviyyədədir. Əməkdaşlığımız sıxdır. Amma əməkdaşlığımızı genişləndirmək üçün potensialımız mövcuddur. Biz bundan istifadə etməliyik.
Zənnimcə, elə sahələr vardır ki, biz Almaniya hökuməti olaraq Azərbaycan hökumətinə həmin sahələrdə öz dəstəyimizi göstərə bilərik. Biz Almaniya hökuməti olaraq sizə iqtisadiyyat, o cümlədən infrastruktur sahələrində əməkdaşlığımızı təklif edirik. Biz Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığa çox böyük maraq göstəririk.
Mənə belə gəlir ki, biz əməkdaşlığımızı “qələbə-qələbə” formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki, hər iki tərəf bu əməkdaşlıqdan faydalana bilər. Biz Almaniya hökuməti olaraq texniki yeniliklərimizi təklif edirik və Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün əlbəttə ki, çox vacib tərəfdaşlardan biridir. Neft-qaz sahəsindən danışanda, əlbəttə ki, Nabukko layihəsini qeyd etməmək mümkün deyildir. Biz bu gün görüşümüz çərçivəsində iqtisadi layihələr, həmçinin Nabukko layihəsi haqqında danışacağıq. Amma yalnız bu layihələr haqqında deyil, eyni zamanda, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlətçiliyi haqqında söhbət aparacağıq.
Cənab Prezident, Sizə bir daha ürəkdən “Xoş gəlmisiniz!” deyirəm.