Kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması məsələləri müzakirə olunub
Ağsu, 27 noyabr, AZƏRTAC
Ağsuda Təhsil Nazirliyinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Yerli təhsilin idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusuna dair maarifləndirici zona seminar-müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində keçirilən seminar-müşavirədə Təhsil Nazirliyinin rəsmləri, habelə Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Ucar, Zərdab, Kürdəmir rayon təhsil müəssisələrinin rəhbərləri, kargüzarlıq-dəftərxana işçiləri iştirak ediblər.
Təhsil Nazirliyinin nümayəndəsi Elvin Məmmədov tədbirdə çıxış edərək təhsilin idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili barədə danışıb. Qurumun rəsmisi nazirlikdə, eləcə də təhsil müəssisələrində vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, qəbula yazılma prosesinin avtomatlaşdırılması və nəticələrin müşahidəsi sisteminin yaradılması ilə bağlı görülən işlər barədə iştirakçıları ətraflı məlumatlandırıb.
Sonra cari ildə nazirliyin 146 “Qaynar xətt” Telefon Məlumat Mərkəzinə daxil olan zənglər və Qəbul Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov müzakirə edilən məsələnin vacib olduğunu bildirərək, son illər rayonda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Təhsil Nazirliyinin əməkdaşı Elmir Həsənov kargüzarlıq sistemində sənədlərin hazırlanmasına və rəsmiləşdirilməsinə qoyulan tələblər, sənədlərə əlavələrin edilməsi, qərarların, sərəncamların, protokolların, əmrlərin hazırlanması və tərtib olunması qaydaları, onların icrasına nəzarətin təşkili, sənədlərin arxivdə saxlanılması prosesi ilə bağlı görülməli olan zəruri işlər, elektron sənədlərlə əlaqədar kargüzarlığın aparılması məsələləri barədə ətraflı məlumat verib.
Nazirliyin əməkdaşı Şahrun Quluzadə yaxın müddətdə yaradılacaq vətəndaşların qəbula yazılma prosesinin avtomatlaşdırılması və nəticələrin müşahidə sistemi barədə iştirakçıları ətraflı məlumatlandırıb.
Tədbirdə idarəetmədə vətəndaşların müraciətləri ilə bağlı sənədlərlə işin düzgün qurulmasının, bu sahədə müasir texnologiyalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb .
Diskussiya şəraitində keçən seminar-müşavirədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.