Kayum Nasırinin 200 illiyinə həsr edilən beynəlxalq elmi-praktik seminar keçirilib



Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Kayum Nasırinin 200 illiyinə həsr olunan beynəlxalq elmi-praktik seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Kayum Nasıri İnstitutunun Bakı Mərkəzinin rəhbəri və əməkdaşları iştirak ediblər.
Tədbirə moderatorluq edən Güllü Yoloğlu tatar etnoqrafı, folklorşünas, tarixçi, dilçi, yazıçı, tərcüməçi, maarifçi, tatar ədəbi dilinin banisi Kayum Nasırinin zəngin fəaliyyəti olduğunu deyib.
Sonra Kayum Nasırinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş edilib.
Daha Rusiyanın Kazan Federal Universitetinin Filologiya və Mədəniyyətlərarası Əlaqələr İnstitutunun direktoru, Tatarıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü professor Rədif Camaləddinov seminarın təşkilinə görə təşəkkürünü bildirib.
Beynəlxalq elmi-praktik seminarda Kayum Nasıri İnstitutunun Bakı Mərkəzinin rəhbəri və metodisti Elmira Yusifovanın “Kayum Nasırinin elmi yaradıcılığında tatar xalqının etnoqrafiyası”, Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi İsmayıl Umudlunun “Azərbaycanın mədəni həyatında tatar ziyalılarının rolu”, elmi işçi dosent Aypara Rüstəmovanın “Azərbaycan-tatar əlaqələri və Azərbaycan tatarlarının Qarabağ müharibəsində iştirakı” mövzularında məruzələri dinlənilib.