İQTİSADİYYAT
Kənd qadınlarının rəqəmsal bilikləri artırılır
![](/files/galleryphoto/2023/2/1200x630/16913941095142941399_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1691394109581034112_1200x630.jpg)
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) fermer və sahibkar qadınların elektron ticarətə çıxışını asanlaşdırmaq üçün “Kənd qadınlarının rəqəmsal gücləndirilməsi” kampaniyasına başlayıb.
AKQA-dan AZƏRTAC-a bildirilib ki, kampaniyanın məqsədi kənd qadınlarına rəqəmsal bacarıqların artırılmasına yönəlik təlimlərin verilməsi, onların rəqəmsal cihazlara olan ehtiyacının ödənilməsi və nəticə olaraq sosial şəbəkələrdə və ticarət portallarında fəallığının artırılmasıdır.
Bir il bundan əvvəl “Ağıllı qadınlar ağıllı icmalar yaradır” şüarı ilə başladılmış bu kampaniyaya ABŞ-ın “T-Mobile” şirkəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi, “Samsung” şirkəti, USAID Özəl Sektorun İnkişafı Layihəsi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və KOBİA da öz töhfəsini verib.
Hazırda assosiasiyanın müraciətinə əsasən, USAID Özəl Sektorun İnkişafı Layihəsinin regionlarda fəaliyyət göstərən Qadın Kooperativləri, Qadın İnkişaf və Müəssisə Qrupları və fermer qadınlar üçün təşkil etdiyi “Rəqəmsal bacarıqların artırılması” mövzusunda təlim sessiyası öz işini Lənkəran şəhərində davam etdirir.
İcraçı təşkilat - “FemTech” şirkətinin təlimçiləri tərəfindən aparılan bu sessiyalara Beyləqan, Saatlı, Sabirabad, Masallı və Lənkəran rayonlarında fəaliyyət göstərən Qadın Kooperativləri və Qadın İnkişaf və Müəssisə Qrupları ilə yanaşı, regiondakı Qadın Resurs Mərkəzləri və QHT nümayəndələri də cəlb olunub.