“Kənd təsərrüfatı ili” Quba rayonu üçün aqrar sahədə bir sıra uğurlarla yadda qalıb
Quba, 22 fevral, Elxan Yusifli, AZƏRTAC
2015-ci ildə Quba rayonunda tikinti-quruculuq sahəsində xeyli iş görülüb. Hazırda şəhərin Heydər Əliyev prospektində “Məhdud fiziki imkanlı insanlar üçün Quba regional informasiya mərkəzi”nin və rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisi aparılır. Kənd təsərrüfatı idarəsinin inzibati binası və Abbasqulu Ağa Bakıxanov adına Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni binaları isə artıq istismara verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında danışılıb.
Tədbir iştirakçıları toplantıdan əvvəl rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.
Hesabat məruzəsində qeyd olunub ki, rayonda əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün işlər sürətlə davam etdirilir. Hazırda Talabı, Rustov, Püstəqasım kəndlərinə qaz boruları çəkilir. Hacıqayıb, Küçeyi, Mirzəqasım, Mirzəqışlaq, Talabıqışlaq və Dəhnə kəndlərinin sakinləri isə 2015-ci ildə “mavi yanacaqla” təmin ediliblər.
Rayonun elektrik enerjisi sisteminin gücləndirilməsi məqsədilə 24 ədəd müasir tipli komplekt transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, Qəçrəş və Təngəaltı kəndlərinin hər birində 2, Yerfi kəndində isə 1 yarımstansiyanın tikintisi tamamlanaraq istifadəyə verilib.
Qubada 12 yaşayış məntəqəsini birləşdirən 31 kilometr uzunluğundakı Rustov-Xanagah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-Məckə-Xacə və Rustov-Bağçalı-Yekdar yolunda tikinti-quraşdırma işləri davam etdirilir.
Bildirilib ki, hesabat ilində rayonun Qımılqışlaq kəndində 220 şagird yerlik, Afurca kəndində isə 180 şagird yerlik tam orta məktəb binaları tikilib istifadəyə verilib. Məckəxacə və Aspərəsti kəndlərinin hər birində 180 şagird yerlik yeni məktəb binalarının, Ərməki və Çartəpə kəndlərində isə 132 şagird yerlik tam orta məktəb binalarının tikintisi aparılır.
“Kənd təsərrüfatı ili” elan edilən 2015-ci il Quba rayonu üçün aqrar sahədə bir sıra uğurlarla əlamətdar olub. Bu mövsümdə rayon üzrə 14 min 724 hektar meyvə bağından 122 min ton meyvə toplanıb. Eyni zamanda, 14 min 418 hektar taxıl sahəsindən 38 min 852 ton məhsul yığılıb. Bunun da 33 min 873 tonu buğda, 4 min 979 tonu isə arpa olub. 2016-cı ilin məhsulu üçün şumlanan 13 min 482 hektar sahənin 12 min 948 hektarında artıq səpin aparılıb.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatları Vahid Əhmədov və Yevda Abramov çıxış edərək, rayonda yeni emal müəssisələrinin, o cümlədən iş yerlərinin yaradılması ilə bağlı məsələlərdən danışıblar. Qubada yaxın gələcəkdə meyvə emalı müəssisəsinin açılacağı diqqətə çatdırılıb.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.