KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİ PEŞƏ BAYRAMLARINI QEYD ETMİŞLƏR
Bakı, 31 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günüdür.
Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyi oktyabrın 31-də Hökumət Evinin iclas zalında tədbir keçirmişdir.
Tədbiri açan nazir İsmət Abasov demişdir ki, ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu aqrar islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına aqrar sahə işçiləri də öz töhfəsini verir. Aqrar sahənin potensialından tam istifadə etmək və ərzaq təklükəsizliyini dahada artırmaq lazımdır.
Qarşıda duran məsələlərdən danışan nazir demişdir: “Biz elə etməliyik ki, Azərbaycanı dünyada təkcə neft-qaz ölkəsi kimi yox, həm də aqrar ölkə kimi tanıdaq. Bunun üçün kifayət qədər yüksək keyfiyyətli və ekoloji təmiz məhsullar istehsal edilməlidir”.
Peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərinin fərdi təqaüdlər, müxtəlif fəxri adlar və medallarla təltif edilməsini dövlətimizin başçısının aqrar sahəyə diqqət və qayğısının nümunəsi kimi qiymətləndirən İ.Abasov tədbir iştirakçıları adından Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə etmişdir. Nazir peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov Prezident İlham Əliyevin kənd təsərrüfatı işçilərinə fərdi təqaüdlərin və fəxri adların verilməsi, onların medallarla təltif olunması ilə əlaqədar oktyabrın 30-da imzaladığı sərəncamları oxumuşdur. Şöbə müdiri aqrar sektorun dövlət tərəfindən məqsədyönlü və proqramlı şəkildə idarə olunduğunu, dövlətin bu sahəyə böyük əhəmiyyət verdiyini bildirmişdir.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov aqrar sahənin inkişafına dair qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ilə əlaqədar son illər bir neçə mühüm qanun qəbul edildiyini diqqətə çatdırmışdır. O demişdir ki, dünyanı bürüyən maliyyə böhranından ölkəmiz Prezident İlham Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində xilas olmuşdur.
Prezident təqaüdçüləri Aydın Əsədullayev və Qara Sarıyev, eləcə də digər təltif olunanlar çıxış edərək, dövlətimizin başçısına onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
######
![]() |
![]() |

