REGİONLAR
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN KOLLEGİYA İCLASINDA DÖVLƏT PROQRAMINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Kənd təsərrüfatı naziri vəzifəsini icra edən İrşad Əliyev iclası açaraq demişdir ki, Prezident Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə aqrar sahədə aparılan islahatlar nəticəsində ölkədə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaranmış, mülkiyyət forması dəyişmişdir. Ölkədə torpaq islahatı faktiki olaraq başa çatmışdır. Bununla belə, insanlarda ilkin kapitalın, texnikanın, servisin, məsləhət xidmətinin, infrastrukturun, emal müəssisələrinin və s. kifayət qədər olmaması torpaqdan səmərəli istifadəni məhdudlaşdırır.
İclasda ölkədə aqrar islahatların ikinci mərhələsinə başlanması, 2004-2008-ci illərdə sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, kənd təsərrüfatında orta artım sürətinin 10-15 faiz səviyyəsində olması, investisiyaların 60 faizdən çoxunun regionlara yönəldilməsi və s. barədə söhbət açılmışdır. Emal müəssisələrinin inkişaf etdirilməsi, aqroservis şəbəkələri yaradılmasının dəstəklənməsi, toxumçuluq və damazlıq işlərinə diqqətin artırılması, regionlarda infrastrukturun yaxşılaşdırılması, sosial obyektlərin inşasına kömək, dövlət maliyyə yardımı proqramlarının davam etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi tətillərinin tətbiqi, mövcud meliorasiya-irriqasiya sisteminin bərpası, kənd təsərrüfatında bazar iqtisadiyyatına əsaslanan sığorta sisteminin təşkilinin stimullaşdırılması, topdansatış bazalarının yaradılması və digər məsələlər geniş müzakirə olunmuş, əhatəli tədbirlər planı qəbul edilmişdir.