KƏND TƏSƏRRÜFATI TƏDQİQATLARININ İNKİŞAFI ÜZRƏ MƏSLƏHƏTLƏŞMƏ KEÇİRİLMİŞDİR
Bakı, 19 oktyabr (AZƏRTAC). Oktyabrın 16-17-də Özbəkistanın paytaxtı Daşkənddə kənd təsərrüfatı tədqiqatlarının inkişafı ilə əlaqədar məsləhətləşmə xarakterli görüş keçirilmişdir.
Qlobal Kənd Təsərrüfatı Tədqiqatları Forumu (GFAR), Quraq Zonalarda Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (İCARDA) və Mərkəzi Asiya və Cənubi Qafqaz Elmi-Tədqiqat İnstitutları Assosiasiyasının (CACAARİ) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən parlament üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, aqrar elm sahəsi üzrə rəhbər şəxslər, fermerlər iştirak etmişlər.
Tədbirin əsas məqsədi “Mərkəzi Asiya və Cənubi Qafqazda inkişaf üçün kənd təsərrüfatı tədqiqatlarının vacib məsələləri”nə dair icmalın və bu çərçivədə aparılmış regional elektron məsləhətləşmələrin nəticələrini müzakirə etmək, müvafiq tövsiyə və təkliflər hazırlamaq olmuşdur.
Müzakirələrdə kənd təsərrüfatında qlobal dəyişikliklərin baş verdiyi və daim mürəkkəbləşməyə doğru istiqamətləndiyi, bunların kənd təsərrüfatı tədqiqatları və kənd təsərrüfatı innovasiya sisteminin qlobal sistemdə dəyişikliyinə gətirib çıxardığı bildirilmişdir.
Qərara alınmışdır ki, müzakirələrdə səslənən tövsiyə və təkliflər konkretləşdirilərək gələn il martın 28-31-də Fransanın Monpelye şəhərində keçiriləcək “Kənd təsərrüfatı tədqiqatlarının inkişafı üzrə birinci qlobal konfrans”da müzakirəyə təqdim edilsin və kənd təsərrüfatı tədqiqatlarının inkişafı üzrə strateji planın hazırlanmasında istifadə olunsun.
Məsləhətləşmələrdə Azərbaycandan Milli Məclisin deputatı Məjlum Şükürov, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsindən Məmmədzadə Nəbiyev və digər şəxslər iştirak etmişlər.