Kestutis Yankauskas: Avropa Tolerantlıq Festivalı çərçivəsində 34 film nümayiş etdiriləcək
Bakı, 13 oktyabr, Ceyhun Alışlı, AZƏRTAC
Bu gündən etibarən Bakıda Avropa Tolerantlıq Festivalına start verilir. Bu Azərbaycanda keçirilən ən böyük festivallardan biri olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas festivala həsr edilmiş mətbuat konfransında deyib.
O bildirib ki, tolerantlığa daha çox diqqət yetirməklə festivalda müxtəlif janrlar-kino, musiqi, rəqs və digər incəsənət janrları öz əksini tapacaq. Festival çərçivəsində Aİ ölkələrindən və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar aparılacaq, görüşlər təşkil ediləcək. Festival günlərində 34 ekran əsəri nümayiş etdiriləcək. Azərbaycan, Belçika, Latviya, Litva, Polşa, İsraildən tanınmış film rejissorları, prodüserlər və aktyorlarla 9 debat sessiyası nəzərdə tutulur. Azərbaycanda səfərdə olan musiqiçilərin iştirakı ilə 6 konsert, 2 seminar və 1 tamaşa təşkil olunacaq. Oktyabrın 18-də tolerantlıq mövzusunda “Imagine, foto, video” müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Kestutis Yankauskas qeyd edib ki, festival iki məkanda keçiriləcək: “Landmark” və “Park Cinema Flame Towers”.
Bildirilib ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşan festival oktyabrın 20-dək davam edəcək. Festival Avropa İttifaqının əsasını qoyan Roma Sazişinin imzalanmasının 60 illiyi münasibətilə təşkil olunur.
Sonra Belçika istehsalı olan “Həyat naminə ölüm” və Heydər Əliyev Fondunun sifarişi ilə Bakı Media Mərkəzinin istehsalı olan “Bir günəş altında” sənədli filmləri nümayiş etdirilib. Hər iki film maraqla qarşılanıb.