ELM VƏ TƏHSİL
“Keyfiyyətli peşə təhsili rəqabətədavamlı iş mühiti üçün əsas təşviqedici amillərdən biridir” – təlim
![](/files/galleryphoto/2023/3/1200x630/16982170465681832186_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982170461458910389_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698217046457229737_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698217046623653508_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982170463380039799_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi tərəfindən icra edilən “Cəmiyyətin uğurlu gələcəyi üçün peşə əsaslı təhsilin təbliği” layihəsinin təlimləri uğurla həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından məlumat verilib. Bildirilib ki, təlimlərdə aidiyyəti qurumların nümayəndələri, ali və peşə təhsili üzrə mütəxəssislər, təhsil alan gənclər, özəl, fərdi sektorun nümayəndələri, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.
Mərkəzin sədri Rayaxanım Ağazadə qeyd edib ki, Prezident İlham Əliyevin irəli sürdüyü “qara qızılın insan kapitalına” çevrilməsi konsepsiyası icra olunan layihədə məhz məsələnin aktuallığını aydın şəkildə izah edir. Azərbaycanın təhsillə bağlı müəyyən etdiyi inkişaf strategiyası bu istiqamətdədir. Davamlı inkişaf strategiyası ölkənin bu gününə, gələcəyinə və dünyanın ədalətli idarəedilməsinə istiqamətlənib.
Eyni zamanda, layihənin məqsədi barədə qeyd edilib ki, cəmiyyətin tələblərinə uyğun səriştəəsaslı ilk peşə və orta ixtisas təhsili standartlarının, əmək bazarının tələbinə uyğunluğunun təmin edilməsi aktualdır, vətəndaş cəmiyyəti də bu prosesin nəticəyönümlü olmasına çalışmalıdır.
Təlimlərdə təhsilin idarə edilməsi üzrə ekspert dosent Yusif Ağayev, hüquqşünas professor İsaxan Vəliyev, dövlət idarəçiliyi üzrə ekspertlər dosentlər Mürtəza Həsənov, Elnur Əliyev, informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssislər Vüqar Hüseynli, Şəhla Şirinova, layihələrin idarə edilməsi üzrə ekspert Cahangir Cahangirli və digərləri çıxış ediblər.
Təlimçilər qeyd ediblər ki, gənclərin peşə seçimində düzgün qərar verməsi davamlı insan inkişafının əsası olmaqla yanaşı, ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı missiya hesab olunur. Peşə seçiminın düzgün olması fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır.
“Cəmiyyətin uğurlu gələcəyi üçün peşə əsaslı təhsilin təbliği” layihəsi peşə təhsili üzrə insan potensialı üçün əsaslı sərmayədir. Ölkədə peşə təhsilini son çarə kimi deyil, həyati bacarıqları, gələcəkdə yaxşı iş və layiqli həyat təmin edəcək fürsət olaraq vətəndaşların görmələri olduqca önəmlidir. Keyfiyyətli peşə təhsili rəqabətədavamlı iş mühiti üçün əsas təşviqedici amillərdən biri kimi qəbul edilməlidir.
Qeyd olunub ki, işğaldan azad edilmiş şəhər və rayonlarımızın sosial-iqtisadi inkişafına təkan verən əsas fəaliyyət istiqamətini müəyyən edərək real əmək bazarında olan tələbatı müəyyən etmək, yeniyetmə və gəncləri məhz həmin istiqamətə təşviq etmək lazımdır.
Çıxış edənlər Qarabağa və işğaldan azad edilmiş digər ərazilərimizə qayıdacaq gənclərin peşə təhsilinə cəlb edilməsinin əhəmiyyətini hədəf kimi müəyyənləşməsinin önəmini vurğulayıblar.
Qarşılıqlı fikir mübadiləsi ilə keçən təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.