“Khan Academy”nin qurucusu ilə təhsildə yeni çağırışlar müzakirə edilib
Bakı, 8 yanvar, AZƏRTAC
“Yeni çağırışlar” onlayn müzakirə proqramının ilk qonağı “Khan Academy”nin qurucusu Sal Xan olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda təhsildə yeni çağırışlar müzakirə edilib. Gələcəyin məktəb modellərinin xüsusiyyətləri, təhsilin məqsədində edilməli olan dəyişikliklər, öyrənən və öyrədənlərdən tələb edilən yeni bacarıqlar, onlar arasında səmərəli əməkdaşlığın yolları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Sal Xanın uğur sirri və gördüyü işlərdən gəldiyi nəticələr, təcrübələri və təhsillə bağlı görüşləri ətrafında müzakirələr aparılıb, bir sıra maraqlı fikirlər səsləndirilib.
Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan “Yeni çağırışlar” proqramının ilk buraxılışını 20 minə yaxın insan izləyib.
Qeyd edək ki, təhsil nazirinin müşaviri Elnur Nəsibov Sal Xan və onun təşəbbüskarlığı ilə yaranan “School House word” qrup sessiyaları üzrə ödənişsiz təhsil platformasının texnologiya və əməliyyatlar üzrə baş direktoru Dryu Bent ilə onlayn görüşüb. Görüşdə Təhsil Nazirliyi ilə “Khan Lab School” arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Xatırladaq ki, Sal Xan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard Universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan “Khan Academy” ilə bütün dünyaya səs salıb. “Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək” missiyası ilə formalaşan “Khan Academy” bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə “Khan Academy”də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur.
“Yeni çağırışlar” onlayn müzakirə proqramı Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanır. Platformanın koordinatoru Cəfər Mənsiminin təqdimatında yayımlanan proqramın məqsədi yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Onlayn müzakirə proqramının ayda iki dəfə yayımlanması nəzərdə tutulur.