“Kiçik Akademiya”nın şagirdləri ilə coğrafiyaçıların görüşü keçirilib
Bakı, 16 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Yasamal rayonu 286 saylı orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın şagirdləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məktəblilər əvvəlcə Coğrafiya İnstitutunun fəaliyyəti ilə tanış olublar.
İnstitutun konfrans zalında davam edən görüşdə baş direktor coğrafiya elmləri doktoru Zakir Eminov bu müəssisədə elmlə təhsilin vəhdətinə geniş yer ayrıldığını, əməkdaşların mütəmadi olaraq Bakının ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivləri ilə görüşlər keçirdiyini bildirib. Zakir Eminov “Kiçik Akademiya” şagirdləri üçün təşkil edilən praktik məşğələlərin əhəmiyyətindən söhbət açıb. İnstitut rəhbəri, eyni zamanda, müəssisədə aparılan tədqiqat işləri, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələrlə qonaqları tanış edib.
Sonra institutun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva 286 nömrəli orta məktəbdə fəaliyyət göstərən və rəhbəri olduğu “Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat verib, “Azərbaycanın coğrafiyaçı alimləri” adlı təqdimatla çıxış edib.
Daha sonra şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev coğrafiyaçı alimlər, coğrafiya elminin digər elmlərlə əlaqəsi haqqında danışıb, böyük elmi işçi coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova “Dünya şəhərlərində ekoloji vəziyyət” haqqında təqdimatla çıxış edib.
Məktəbin coğrafiya müəllimi Könül Mərdanova və Uşaq birliyinin rəhbəri Vəfa Həsənova tədbirin keçirilməsinə görə institut rəhbərinə və kollektivinə minnətdarlıq ifadə ediblər.